Cümhuriyyətin Osmanlı səfirliyi


2015-04-17 23-17-05_1022“Elçi onu göndərən məmləkətin bütün hakimiyyətini təmsil etdiyi üçün əhəmiyyəti çox böyükdür. Onu tutmaq, axtarmaq kimi həqarətamiz şeylər yasaqdır… Elçi göndərmək məmləkətin istiqlaliyyəti sayılır”.

Yusif Vəzir Çəmənzəminli.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra qarşıda iki məqsəd dayanırdı: Cümhuriyyətin əsl paytaxtı olan Bakını işğalçılardan azad etmək; gənc dövləti Qərb dünyasında tanıtmaq.

Birinci məqsədə Nuru paşanın komandanlığında Qafqaz İslam Ordusunun köməyi ilə çatıldı. İkinci məqsədi həyata keçirmək üçün isə Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti yaradıldı və bu heyət Paris Sülh Konfransında iştirak etmək üçün göndərildi.

Cümhuriyyətin tanıdılması, dövlətin müstəqil şəkildə mövcud olması üçün digər şərtlərdən biri də qonşu dövlətlərdə səfirliklərin açılması idi. Bu ölkələrdən ən önəmlisi isə son günlərini yaşayan Osmanlı idi.

Yusif Vəzir. Kiyev. 1910-cu il
Yusif Vəzir. Kiyev. 1910-cu il

Yusif Vəzir yazır:

“Bu gün bizim elçilərimiz Rusiyadan ayrılan dövlətlərdən başqa qeyri-yerlərdə yoxdur. Halbuki, bizim istiqlal məsələsi Qərbdə müzakirə olunacaq və Qərbdə də elçilər bulundurmalıdı. Elçi təyin olunacaq paytaxtlardan bu gün əhəmiyyəti ilə birinciliyi qazanan İstanbuldur. İstanbul bu gün müttəfiqlər qüvvələrinin toplandığı bir nöqtədir. Burada bütün Yer üzünün mətbuat nümayəndələri mövcuddur. Burada bizdən başqa yeni təşəkkül etmiş dövlətlərin və müttəfiq məmləkətlərin müməssilləri də var… Deməli, aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü… Hamısı burada…”.

İstanbulda Cümhuriyyətin gələcək səfiri olacaq Yusif Vəzir uzaqgörənliklə İstanbul səfirliyinin nə dərəcədə vacib olduğunu bilirdi.

Y.Vəzir İstanbulun Cümhuriyyət üçün bir çox önəmini başa düşürdü. Haqlı olaraq yazırdı ki, İstanbulda əldə edilən uğur Parisə mütləq şəkildə çatır. Ona görə də Rusiyadan ayrılan dövlətlər burada qəzetlər çıxarır, öz səslərini yeni dünyanın xəritəsini cızan konfrans iştirakçılarının diqqətinə çatdırmaq istəyir.

Həm də Yusif Vəzirə görə, İstanbul Bakı mədənlərinin məhsulları üçün yeganə xarici bazardır. Çünki Rusiyadakı böhran neftin Şimala gedən qapısını bağlamışdı. İstanbula göndərilən neft isə orada nümayəndələr olmadığını görə heç bir xeyir verməmişdi.

“Azərbaycan tüccarları birinci dəfə İstanbula neft gətirdilər, zərər gördülər. Səbəb budur ki, məhəlli rumlar toplanıb, sindikat yapdılar və Bakı neftinin qiymətini saldılar… Halbuki, İstanbulda səfarətimiz, konsulumuz olsa, məhəlli Azərbaycan tüccarlarından təşkilat yapıb, rum sindikatının qabağına çıxa bilərdi… Bizim üçün neftimizin İstanbul bazarında asanlıqla müştəri tapması birinci dövləti məsələdir” – Yusif Vəzir yazır.

Y.Vəzirin İstanbuldakı səfirlik məsələsinin üzərində dayanması üçün mühüm bir təcrübəsi də var idi.

almancesmesi1
Köhnə İstanbuldan görüntü. Alman çeşməsi

Çünki o, İstanbul səfirliyindən öncə Cümhuriyyətin Krımdakı diplomatik nümayəndəsi idi. Belə ki, 1918-ci il iyunun 25-də Simferopolda Krım hökuməti yaradılır. Bu hökumətin Baş naziri general-leytenant Məmməd bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918 il oktyabrın 23-də Krım türklərini və bölgədə yaşayan digər xalqları təmsil edən bu hökumət yanında diplomatik nümayəndəlik təsis etməyi qərara alır.

1918 il noyabrın 1-dən Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəsi olan Yusif Vəzirə Cümhuriyyəti Krımda da təmsil etmək vəzifəsi tapşırılır. Krım hökuməti də qarşılıqlı əlaqələr yaratmaq, Qara dəniz hövzəsi, xüsusən də limanları ilə bağlı razılaşdırılmış siyasət məsələlərini müzakirə etmək üçün öz nümayəndəsi Əli Aleksandroviçi 1918 il noyabrın əvvəlində Azərbaycana göndərir.

Lakin Yusif Vəzirin buradakı səfirliyi uzun sürmür. 1919 il mayın 18-də o, yaranmış vəziyyətlə bağlı missiyasını başa vurub, Vətənə qayıtmaq üçün Odessadan İstanbula gedir.

Daha sonra Bakıya qayıdan Yusif Vəzir İstanbulda səfarətin açılmasının vacibliyi ilə bağlı məlumat verir. Onun bu düşüncələrini dəstəkləyən Azərbaycan hökuməti 1919 il avqustun 1-də onu İstanbula göndərilən diplomatik missiyanın başçısı təyin edir. Diplomatik missiyanın maliyyə işi üzrə məsləhətçisi isə xarici işlər nazirliyinin dəftərxana rəisi Cahangir bəy Qayıbov olur. Noyabrda Türkiyə xarici işlər naziri Yusif Vəziri qəbul edir.

kollek (477)
Rəsulzadə

Osmanlı ilə ilk təmaslar

Yusif Vəzirə qədər isə Azərbaycanla Osmanlı xanədanlığı arasında ilk təmaslar olmuşdu. 1918-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Xəlil bəy XasməmmədovAslan bəy Səfikürdski İstanbula göndərilmişdi.

Nümayəndəlik İstanbulda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda iştirak etməli idi. Həmçinin, onlara Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə verilmişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Cümhuriyyət haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başlayırlar, mətbuata çoxsaylı müsahibələr verirlər. İstiqlal bəyannaməsinin tam mətni İstanbulda olan bütün səfirlik və konsulluqlara təqdim edilir, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan diplomatları ilə görüşlər keçirilir.

1918 il sentyabrın 16-da İstanbuldakı nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə Osmanlı tərəfi ilə ticarət müqaviləsi, Azərbaycan Hökumətinə dərhal avans kimi 500 min türk lirəsi verilməsi haqqında məxfi müqavilə imzalayır, sentyabrın sonunda Dəniz Nazirliyinin mətbəəsində Azərbaycan pullarının çap edilməsi haqqında razılıq əldə edir.

Bu diplomatik nümayəndəliyin səyi nəticəsində Osmanlı Bakını işğalçılardan azad etmək üçün ordu göndərir.

Azərbaycan hökuməti Osmanlı imperiyası ilə tam həcmdə diplomatik əlaqələr yaradılması üçün 1918 il avqustun 20-də hökumət üzvü Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula ezam edir. Oktyabrın 2-də Topçubaşov Tələt paşa ilə görüşür, türk əsgərlərinin Bakının azad edilməsində iştirakına görə ona hökumət adından təşəkkür edir. Topçubaçov Paris Sülh Konfransına yola düşdükdən sonra isə Yusif Vəzirin diplomatik nümayəndənin rəhbəri kimi İstanbula göndərilməsi məsələsi gündəmə gəlir.

Yusif Vəzir elçiliyi dönəmində Cümhuriyyətin xaricə göndərdiyi tələbələrin problemləri ilə məşğul olur. Avropaya gedənləri yola salır, Türkiyədə qalanlara dəstək olur. Səfirliyin ancaq yeməklərinə çatan büdcəsi ilə yorulmadan çalışır.

Benedikt_XV._JSPapaya heykəl ideyası

Bir neçə il qabaq Vatikan arxivindən Yusif Vəzirlə bağlı maraqlı bir sənəd əldə edildi. Həmin sənəddən bəlli olur ki, Azərbaycan Cümhuriyyəti Vatikanla diplomatik əlaqələr qurub. Tarix elmləri doktoru Fərid Ələkbərlinin aşkar etdiyi sənəddən məlum olur ki, Yusif Vəzir Roma Papası XV Benediktə heykəlin ucaldılması layihəsinin təşəbbüskarı və iştirakçısı olub. Roma Papasının İstanbuldakı nümayəndəsi bununla əlaqədar Vatikana aşağıdakı məlumatı göndərmişdi:

“Serg. Stato Guerra (1914-1918), fasc. 112. Ff 58-61:

Comunicato, inviato dal delegato apostolico in Constantinopoli, relativo al denaro offerto da Jossif Bek Veziroff, rappresentante della Republica musulmana di Azerbaijan per il progetto del monumento a Benedetto XV da erigersi in Constantinopoli (14-31 Decembre 1919)”.

Tərcüməsi: “Konstantinopolda Papa XV Benediktə abidənin ucaldılması layihəsi üçün müsəlman Azərbaycan Respublikasının nümayəndəsi Yusif bəy Vəzirovun təklif etdiyi məbləğ haqqında məlumat (14-31 dekabr 1919 il)”(Archivio Segreto Vaticano, Serg. Stato Guerra(1914-1918), fasc. 112. ff. 58-61).

Beləliklə, aydın olur ki, Cümhuriyyət Vatikan ilə birgə İstanbulda Papa XV Benediktə heykəl qoymaq istəyib, bunun üçün Azərbaycan səfirliyi tərəfindən müəyyən qədər pul da ayrılıb. Amma bu baş tutmayıb. Bir tərəfdən Osmanlının, digər tərəfdən AC-nin süqutu buna mane olub.

Fərid Ələkbərli yazır: “Yusif Vəzir Vatikana məktub yazdı ki, təxminən bir il əvvəl rəhmətə getmiş XV Benedikt adlı Papanın heykəlinin İstanbulda qoyulmasını istəyirlər. Azərbaycan hökuməti bunun tərəfdarıdır. Çünki XV Benedikt sülhpərvər olub, Qərb ölkələrini həmişə sülhə çağırıb. Çalışıb ki, Osmanlı dövləti ilə Qərb arasında ixtilaf olmasın. Həmişə sülh, əmin-amanlıq olsun və xristianlıqla İslam arasında ədavət olmasın. Yəni, bu şəxs sivilizasiyaları bir-biri ilə barışdırmaq yolunu tutub. Beləliklə, Yusif Vəzirovun belə xoşməramlı təklifi olub. Əlbəttə, Yusif Vəzirov bu təklifi təkcə öz adından deməmişdi, Azərbaycan Cümhuriyyəti ilə razılaşdırmışdı”

Yusuf Vezir-edebnezer
“Azərbaycan ədəbiyyatına bir nəzər”

Müsavatçılarla münaqişə

Cümhuriyyətin işğalından sonra Yusif Vəzir 8 ay fəaliyyətini davam etdirir. Səfirlik məsələsi bitdikdən sonra o, İstanbuldakı fəaliyyətini əks etdirən arxivini mühafizə edilmək üçün İstanbulda Süleymaniyyə nəzdindəki kitabxanaya təhvil verir.

Bir müddət İstanbulda qalan keçmiş səfir “Yusif bəy Vəzirov. Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi” imzası ilə 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər”“Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitablarını yazır.

Çəmənzəminli “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını Rəsulzadəyə ithaf edir: “Əziz yoldaşımız və böyük mürşidimiz Məhəmməd Əmin Rəsulzadəyə sevgi ilə ithaf edirəm”.

Lakin tezliklə sabiq səfirlə Rəsulzadə və digər müsavatçıların arasında ciddi münaqişə yaranır.

Səbəbi isə Yusif Vəzirin məşhur “Müsavatçıya cavab” məqaləsindən aydın olur. Belə ki, Yusif Vəzir İstanbul səfarətinin ağır durumu ilə bağlı xarici işlər naziri Fətəli xan Xoyskiyə yazdığı məktubdan sitat verir:

“Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq bir çek ilə səfarətin idarə olunacağına qanesiniz. Halbuki, yalnız səfarət binasına ayda dörd yüz səksən lirə icarə verilir. Səfir, müstəşar iki katib, kavaslar və Bakı ilə İstanbul arasında rabitəmizi təmin edən kuryerdən ibarət bir təşkilat əzalarının maaşları və i.a.

Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və müsaidə ediniz səfarəti müstəşarıma tərk edərək geri gələyim. Əminəm ki, bu dəfə artıq kuryer həftələrcə Bakıda ləngiməyəcək və cavabınızı alar almaz bu ağır məsuliyyətdən qurtaracağam”.

Yusif Vəzir müsavatçılardan üz döndərməsinin səbəbini isə belə izah edir:

“Müsavat hökuməti düşdükdən sonra səkkiz ay maaşsız və maddi sıxıntılar içində İstanbul səfarətini idarə etmək məcburiyyəti hasil olmuşdu. Bununla da məsələ bitmir. 1920-ci ilin axırlarında Əlimərdan bəy Topçubaşovun əlinə bir neçə milyon frank düşür, iştə, o zaman İstanbul səfirliyinə maraq artır və haman mənim yerimi ayda on beş min frank maaşla Xəlil bəy Xasməhəmmədov tutur. (Mən səfir ikən ayda üç min frank maaş alırdım). Lakin burada da bir “hiyleyi-şəri” zühur edir. Mənim rəsmən çəkilməmə Xəlil bəy razı olmur. Çünki beynəlmiləl tarixdə sülh heyəti nəzdində göndərilən bir adamın, yəni Topçubaşovun səfir təyin etməsi görülməmiş bir işdir. Vətənindən mühacir sifətilə İstanbula qaçıb gələn sabiq nazirin birdən səfir qiyafəsinə girməsi də gülünc olurdu. Onun üçün mən əski haqqım üzrə səfirliyimdə davam etməli imişəm və Xəlilbəy də bu sayədə “səfir maaşı” şəkli ilə milyonların təqsimində iştirak edəcəkmiş. Təbiidir ki, razı olmadım və siyasətdən büsbütün çəkilməmi bəyan edərək qərarımı qüvvədən felə çıxardım. Babi-Aliyə getdim, xarici nazirinə və sədr-əzəm Tofiq paşaya “bərayivida” deyə vizit kartı buraxdım və elçi ləfzinin yanına “sabiq” kəlməsini əlavə etdim”.

Yusif Vəzir Xəlil bəy məsələsi ilə bağlı 1923-cü ildə Parisdə Rəsulzadəylə görüşmüşdü. Ona hadisələri izah edərək Xəlil bəydən şikayət etmişdi. Lakin Rəsulzadə Xəlil bəyi “Müsavatın rüknü”—dayağı hesab etdiyini deyir. Bu söz Yusif Vəziri təəssüfləndirir və o, Müsavatdan çıxır.

Ceyhun Hacıbəyli
Ceyhun Hacıbəyli

Təəssüf ki, Cümhuriyyətin İstanbul səfirliyinin aqibəti beləcə kədərli olaylarla bitir. Yusif Vəzir bir ilə yaxın əziyyətlə çalışdığı səfirliyin Xəlil bəy Xasməhəmmədova verilməsinə, həmçinin Ceyhun Hacıbəyli istisna olmaqla mühacir müsavatçıların ölüm ayağında olan qardaşına yardım etməmələrinə (və ya edə bilməmələrinə) görə dərin böhran keçirir. Bu problemlər içində ağır sarsıntılar keçirən Yusif Vəzirin əleyhinə digər tərəfdən “Şərəfsiz aqibət” tipli yazılar yazılır.

O isə məcbur qalaraq həm yaşadığı hadisələri anlatmaq, həm də əleyhinə yazılan yazıya cavab vermək üçün “Müsavatçıya cavab” adlı məktubunu “Kommunist” qəzetinə göndərir. Bununla da, Sovet Azərbaycanına dönməyə özünə yol axtarır.

Sovet Azərbaycanına dönən sabiq səfir burada əvvəlcə yaxşı qarşılanıb, müxtəlif işlərdə çalışsa da, 1937-ci ilin repressiyasından xilas olmayaraq sürgünə göndərilir.

P.S. Üzərində türk və fransız dillərində “Azərbaycan hökumətinin İstanbuldakı konsulluğu” ifadəsi yazılan foto Cümhuriyyətin Osmanlı səfirliyinin önünə vurulan lövhənin şəklidir. Bu şəkil şəxsi arxivimdədir. Fotonun arxasında yazılıb: “Azərbaycanın qara gününün (27 nisan) 38-ci ili münasibətilə möhtərəm Mirzə Bala bəy arkadaşıma-qardaşıma təqdim edirəm. İstanbul, 27.04.1958-ci il, Əjdər”.

002

003

004

Yazı ilk dəfə “Birlik” dərgisində çap olunub.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma