Mustafa Vəkiloğlu


Atatürkün dəfnində, Kennedinin ölümünə başsağlığı

12695741_946308765405943_346618142_n1963-cü il, noyabrın 22-si.

ABŞ-ın 35-ci prezidenti Con Kennedi Dallas şəhərində Li Harvi Osvaldın açdığı atəş nəticəsində qətlə yetirilir.

Noyabrın 25-də Kennedi Vaşinqtonda Arlinqton milli qəbiristanlığında dəfn edilir. Dünya dövlətləri, tanınmış şəxslər baş verən hadisə ilə bağlı Amerika səfirliklərinə axışır, xatirə dəftərinə kədərli başsağlığı mətnləri yazırlar.

1963-cü il noyabrın 24-də Ankaradakı Amerika səfirliyinə yaxınlaşan bir şəxs bu sətirləri qeyd edir: “Əsir millətlərin səmimi dostu, böyük liderin əziz xatirəsinə dərin hörmətlər…” – Mustafa Vəkiloğlu, Azərbaycan sabiq daxili işlər naziri.

Yenə həmin adam Azərbaycan icması adından yeni prezident Lindon Consona teleqraf göndərir: “Əsir millətlərin səmimi dostu, böyük lider Kennedinin faciəli ölümü münasibətilə səmimi qəlbdən başsağlığı bildirirəm”.

Bu şəxs Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri, mühacirətdə Azərbaycan davasını aparanlardan Mustafa bəy Vəkiloğlu idi.

O, 1896-cı ilin sentyabrında Qazax qəzasının Salahlı kəndində doğulub.

Bakı gimnaziyasını bitirdikdən sonra 1912-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. 1917-ci ildə universiteti bitirdikdən sonra Bakıya qayıdır, dönəmin ab-havasına uyğun olaraq siyasi proseslərə qoşulur. Oktyabr ayında o, Bakıda keçirilən Müsavat Partiyasının I qurultayında MK-ya üzv seçilir. Noyabrda isə Zaqafqaziya Komissarlığında daxili işlər naziri Çxenkelinin məsləhətçisi olur.

Həmçinin Seymdə müsəlman fraksiyasının üzvü olur. Cümhuriyyətin elanından sonra Mustafa bəy Daxiliyyə nazirliyində çalışır, 1918-ci ilin iyun ayında M.Ə.Rəsulzadənin başçılığı ilə İstanbul konfransına gedən nümayəndə heyətinin tərkibinə məsləhətçi kimi qatılır.

1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamenti açıldıqda Mustafa Vəkiloğlu da deputat kimi fəaliyyətə başlayır, parlamentin büdcə-maliyyə komissiyasının üzvü olur.

1919-cu ilin sonunda Nəsib bəy Yusifbəylinin təşkil etdiyi kabinədə daxili işlər nazirinin müavini təyin edilir. 1920-ci ilin fevralın 18-də isə nazir olur.

Cümhuriyyət 23 yaşlı bu gəncin bacarığını gözardı etməmişdi.

Qarabağda qiyam

Onun nazirliyi dövrü Cümhuriyyətin ən çətin dönəminə düşür. 1920-ci ilin martın 22-də Novruz bayramı günündə Şuşa və onun ətrafında olan yerlərdə ermənilər qiyama qalxırlar. Parlament bununla bağlı toplantı keçirir, daxiliyyə naziri kimi Mustafa bəyin hesabatı dinlənilir.

Mustafa bəy bildirir ki, silahlı ermənilər Şuşada əsgərlərimizə hücum edib, bir neçə zabiti həbs edib, əsgərlərə atəş açıb: “Bir tərəfdən bayram münasibətilə xalq evlərində istirahət etdiyi, digər tərəfdən camaat belə xəyanət və hücum gözləmədiklərindən hadisə olduqca qəfil olub. Buna baxmayaraq, Şuşadakı əsgəri hissələrimiz onların başlarında duran zabitlər qəhrəman bir surətdə onların hücumunu dəf edə bilib”.

Hesabatdan aydın olur ki, ermənilərin bu hücumları yalnız Şuşada deyil, Xankəndində və Əsgəranda da olub: “Onlar yalnız Əsgəranı işğal edə bilmişlər. Ələ keçən sənədlərdən və vəsiqələrdən məlum olur ki, bu fitnə hazırlığını yerli əhali nəinki öz təşəbbüsü ilə etmiş, bəlkə kənardan gəlmiş qüvvələr bunu hazırlamışlardır. Şuşa şəhərində erməni ziyalı sinfi onların arxasınca getməmişlərdir. Başqa köylərdə də əhali asilərə qoşulmaq istəməmişlər. Fəqət, üsyançılar onları zor ilə kəndilərinə tabe etmişlərdir. Qarabağda müvəqqətən pozulmuş intizam və qaidə bu yaxınlarda düzələcəkdir. Hökumət bu xüsusda ciddi və qəti tədbirlər görmüş və görməkdədir. Yaxın günlərdə bu üsyan təsviyyə ediləcəkdir”.

Mustafa Vəkiloğlu daxili işlər naziri kimi Bakıda fəhlələrin qızışdırılması ilə bağlı da addımlar atır.

Martın 22-də o, “Bakı rayonu fəhlələrinə Daxiliyyə Nazirliyindən” adlı müraciət ünvanlayır: “Zəhmətkeşlərin mənafeyi keşiyində dayanan cümhuriyyətin ali inzibati orqanı fəhlə sinfinin öz iqtisadi və hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün apardığı mübarizəyə qarışmaq niyyətində deyildir, lakin fəhlə sinfinin mənafeyinin müdafiəsi ilə pərdələnərək cinayətkar təbliğat və planlar yolu ilə öz pozuculuq işini aparan kənar qüvvələrin agentlərinin dövlətə zidd çıxışlarını sərəncamımda olan bütün vasitələrlə yatırdacağıq… Vətəndaş fəhlələr! Məsuliyyətsiz, qara niyyətli və satqın təbliğatçıların fitnələrinə uymayın. Dövlətin qayda-qanunlarını mütəşəkkil halda qorumağınız-istiqlalımızı və azadlığımızı möhkəmləndirməyin rəhnidir. Öz demokratik hökumətinizin işini müdafiə edin və möhkəm əmin olun ki, hər bir ədalətli iqtisadi və hüquqi iddianız Daxiliyyə Nazirliyi tərəfindən tam hüsn-rəğbət və coşqun həmrəyliklə qarşılanacaq”.

Sonralar, 1959-cu ildə verdiyi bir açıqlamada Vəkiloğlu Qarabağdakı erməni qiyamını və fəhlələrin etirazlarının Ermənistan hökuməti və rus agentləri vasitəsilə başlandığını bildirir. Ordunun əsas gücünün Qarabağdakı hadisələri yatırtmaqla məşğul olduğunu deyən Vəkiloğlu əsgər sayının az olduğunu qeyd edir: “Azərbaycan ordusu yeni qurulurdu. Silah və təchizat baxımından məhrumiyyət içində idi. Çar hökuməti azəriləri əsgər aparmırdı. Əsgərlik ənənəmiz zəif idi. Hərbi kadrlarımız az idi. Bu ağır şərtlər altında, qısa zamanda təşkil edilməkdə olan silahlı qüvvələrimizin gücü çox deyildi”.

Lakin Mustafa bəy buna baxmayaraq xalqın işğalçılara qarşı dirəndiyini, Gəncədə mühüm bir mübarizənin olduğunu deyir və bu etirazların II Dünya savaşınadək davam etdiyini deyir: “Şəhid siyahımız çox uzundur, yazmaqla bitməz, tükənməz… Azərbaycanın hər qarış torpağı bu şəhidlərin qanı ilə sulanıb. Gözəl yurdumuz, mərd və qəhrəman Azərbaycan hürriyyət və istiqlal uğrunda minlərlə, yüz minlərlə şəhid verib”.

Təəssüf ki, Cümhuriyyətin işğalı ilə bərabər M.Vəkiloğlunun nazirliyi də bitir və o, həmkəndlilərindən birinin evində gizlənir, daha sonra Tiflisə gedir. Lakin bolşeviklərin Tiflisə yaxınlaşmasından sonra Türkiyəyə mühacirət etməli olur. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilir, 1928-ci ildə yaradılan “Prometey” təşkilatında təmsil olunur. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya yerləşir. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərir.

Mustafa bəy bir müddət mühacirətdə M.Ə.Rəsulzadənin yanında yer alsa da, sonradan müəyyən problemlər nəticəsində ondan ayrılır. Türkiyədə yaşadığı dövrdə “Odlu Yurd”, “Azəri-Türk”, “Yeni Qafqaziyyə”, “Yurd bilgisi” kimi qəzet və jurnallarda məqalələr yazır. Rəsulzadə qanadından ayrıldıqdan sonra, əsasən “Mücahit” jurnalı ilə əməkdaşlıq edir, oradakı millətçi siyasi mühacirlərlə yaxınlaşır.

İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasiyaya şəhərinə gəlir. Bu dövrlərdə ailə həyatı qurur. Daha sonra Ankaraya gedən Vəkiloğlu Vilayətlər Bankının baş hüquq məsləhətçisi olur.

Atatürkün dəfnində

1938-ci il. Mustafa Kamal Atatürk vəfat edir. Dünyanın müxtəlif ölkələrindən cənazə törəninə qatılanlar olur. Eləcə də, Sovet İttifaqı nümayəndəlik göndərir. Atatürkün ölümü mühacirətdəki azərbaycanlıları da kədərləndirir. Mustafa Vəkiloğlu “Mücahit” jurnalında yazdığı “Böyük Atatürk” adlı məqaləsində o günləri belə xatırlayırdı: “Qara xəbər duyulan kimi dostlarla İstanbulda toplandıq. Hamımız çox kədərli, pərişan və çaşqın bir halda idik. İçimizdə ən yaşlımız əski vəkillərimizdən olan rəhmətlik Xəlil bəy Xasməmmədli ağlayırdı”.

Mustafa Vəkiloğlu Dolmabaxça sarayına gedərək xatirə dəftərinə azərbaycanlılar adından başsağlığı yazır, sonra cənazə kortejinə qatılmaq üçün müraciət edir, lakin rədd cavabı alır: “Cənazə kortejində iştirak edəcək rəsmi Sovet heyətinin yanında bir də sizin Azərbaycan millətçilərinin bir heyət halında qatılması təəssüf ki, imkansızdır”.

Ankara ilə əlaqə yaradan M.Vəkiloğlu fikrini belə əsaslandırır: “Atatürk bütün türklərin milli qəhrəmanıdır. Onun cənazəsində iştirak etməkdən bizi məhrum etmək böyük bir haqsızlıq olar və bütün azərbaycanlıları qəlblərindən yaralamış olarsınız”.

Nəhayət, Vəkiloğlu icazəni ala bilir və dəfnə qatılırlar. M.Vəkiloğlu yazır: “Sabahın çox erkən saatlarında Dolmabaxça sarayının önünə gəldik, kortejdəki yerimizi aldıq. İstanbul Universitetindən olan iki azərbaycanlı gəncimiz “Yaralı azərbaycanlılar” yazılı çələngimizi daşıyırdılar, arxalarından əski vəkillərimizdən rəhmətlik doktor Xosrov bəylə mən yürüyürdük. Sabahkı İstanbul qəzetlərindən biri “canlılığı və gözəlliyi ilə gözə çarpan çələnglərdən biri də azərbaycanlıların çələngi idi” deyə yazmışdı”.

***
1962-ci ilin 28 apreli.

Mustafa Vəkiloğlu Türk Ocağında təşkil edilən törəndə Türkiyənin Polşada səfiri olmuş şair Yəhya Kamal bəylə olan maraqlı bir xatirəsindən bəhs edir. Vəkiloğlu yazır ki, Kamal bəylə ara-sıra görüşərkən milli problemlərdən, iztirablardan bəhs edir, bu mövzular ətrafında müzakirə aparırdıq: “Bir gün mənə dedi ki: – Mustafa bəy, türkün müqəddaratı yalçın bir qayadır. Tarix boyunca çox dalğalar ona çarpıb, fəqət parçalanaraq çəkilib gedib. Moskvanın azğın dalğaları da bu gün Azərbaycan türkünün yalçın qayasına çarpmaqdadır. Çox üzülməyin, bir gün o dalğalar da qırılacaq və dağılacaq”.

***
Mustafa bəy 1965-ci ilin noyabrında Ankarada vəfat edir. Azərbaycanın istiqlal davası isə hər zaman davam edir. Bir zamanlar Mustafa bəyin dediyi kimi: “Yurdumuzun qurtulması üçün mücadiləmiz davam etməkdədir. Gənc nəsil də bu davaya qatılıb və ona yeni həyəcan və canlılıq verməkdədir”.

Dilqəm Əhməd

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma