Üzeyir Hacıbəylinin 18 il çalışdığı otaq


13239894_1087462781316075_4891272845569045309_nBolşeviklər Azərbaycan Cümhuriyyətini işğal edəndə ölkəni tərk edə bilənlər tərk etdi, qalanlar isə həbs olundu.   Üzeyir Hacıbəyli də həbs edilənlər içərisindəydi. Hökumətin “Azərbaycan” qəzetinin redaktoru, himninin müəllifi idi, bolşeviklərə qarşı sərt mövqedəydi.

Nəriman Nərimanov onu son anda xilas edə bildi. Həmin vaxt qardaşı Parisə gedən nümayəndə heyətinin içində idi, həbs ediləcəyini başa düşüb geri qayıtmadı. Ömrünün axırınadək bolşeviklərə qarşı mübarizə apardı.  Üzeyir bəy isə ölkədə qalmaq yolunu seçdi. Artıq ictimai-siyasi fəaliyyət üçün bütün əli-qolu bağlandığı üçün onun yalnız bir seçimi vardı: Azərbaycanda professional musiqini formalaşdırmaq.

Bunun üçün də bolşeviklərlə anlaşmaq lazım idi. O, iki illik keçmişini “unudacaq”, ancaq sənəti ilə məşğul olacaqdı.  Amma bununla yanaşı bir istəyi də olacaqdı: qardaşını geri gətirmək.  Bu məqsədlə 1922-ci ildə qardaşı Ceyhun bəyə yazacaqdı:  “Hökumət izn verəndən sonra nə üçün gəlməmək? Halbuki, izn ilə gələnlərin hamısı burada rahat oturub qulluq etməkdədirlər, məsələn, Yusif Vəzirov, Vəkilov və sairələri… Mən bir kərə də olsun eşitməmişəm ki, izn verilməklə buraya gələn adamlara sonra bir əziyyət olsun və əvvəllərdə təqsirləri olanlar dəxi gəlib Şura hökumətinə sidq dil ilə qulluq edirlər. Sən ki, məlum olduğu üzrə təqsirsizsən, özün də ki, Parisdə student olaraq yaşayırdın, nəinki mühacir… Görünür ki, oraların da aksiyon mətbuatı buraların əhvalını fəna bir halda yazır və sən də ona inanıyorsan… Bizimkilər və biz özümüz səni inandıra bilərik ki, heç vaxt böylə asudə və rahatcasına yaşamamışdıq. Bu saat buraların əhvalı çox gözəldir, qoçubazlıqla məşğul olan Bakıdan heç bir əsər də qalmayıbdır”.  

1936156_1087464794649207_144227141070551907_nBir il öncə göndərdiyi məktubunda isə Üzeyir bəy qardaşına konservatoriyanın açılmasından, iki yüzdən artıq şagirdin oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından bəhs edir, açılışda Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən yazır.  Bəli, artıq Üzeyir bəyin xalqına xidmət edəcəyi bir ünvan vardı: Konservatoriya!  

Azərbaycan SSRİ Xalq Komissarlar Sovetinin dekretində yazılır:   “Azərbaycan əhalisinə ali musiqi təhsili almaq imkanı yaratmaq, eləcə də ixtisaslı kadrlar hazırlamaq üçün XKS qərara alır: “Bakı şəhərində ali təhsil müəssisələri üçün nəzərdə tutulan bütün üstünlüklər tətbiq edilməklə Azərbaycan Dövlət Musiqi Akademiyası təsis olunsun”.

1936179_1087463177982702_4786706613963135554_nXalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanov. 26 avqust 1921-ci il”.   Konservatoriyanın ilk rektorları pianoçu L.Pressman və İ.Aysberq olur. Bu dövrdə Üzeyir bəy Azәrbaycan Xalq Maarif Komissarlığı nәzdindә musiqi şöbәsinә rәһbәrlik edirdi. 1922-ci il o, Dövlət Türk Musiqi Məktəbini yaradır. 1926-cı ildə bu məktəb konservatoriyaya birləşdirilir.  Beləliklə, konservatoriya yaradılır və ilk vaxtlar müxtəlif binalarda təhsil verilir.  Həmin binalardan biri də sonralar Asəf Zeynallı adına Musiqi Texnikumunun yerləşəcəyi bina olur.    İndi isə həmin binada mühüm bir qurum yerləşir: Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.  

***

13221086_1087464461315907_127383091334478600_nJurnalist həmkarım Ruslan Rəhimov həmin binada Üzeyir Hacıbəyli aid bir otağın olmasını deyəndə çox təəcübləndim. Çünki uzun müddətdir araşdırdığım şəxslər arasında Üzeyir Hacıbəyli olsa da, ev-muzeyi ilə yaxından maraqlansam da, bu faktı bilmirdim.  Ona görə də elə sabahısı Mirzə İbrahimov küçəsi 8 ünvanında yerləşən binaya üz tutduq.  Daha öncə məlumat verdiyimiz üçün bizi qarşıladılar və binada yerləşən otağa apardılar.  Çox səliqəli şəkildə hazırlanan otaqda divara Üzeyir Hacıbəylinin iri portreti vurulub. Simvolik olaraq piano qoyulub, müxtəlif fotoşəkillər, Üzeyir bəyə aid kitablar düzülüb. Otağın bir küncündə isə bir masa yerləşir. Masanın üzərində köhnə bir telefon, siqar qabı, pero və eynək var.

13240520_1087464231315930_4043350069275727140_nBu əşyaların Üzeyir bəyə aid olduğu deyilir. Sözün açığı, bu barədə şübhələrim qalsa da, eynək və peronun Üzeyir bəyin yaşadığı dönəmin istehsalına bənzədiyi üçün ehtimal da vermək olur. Amma önəmli olan odur ki, Üzeyir bəy bu otaqda uzun illər çalışıb, Azərbaycan professional musiqisi bu otaqda ərsəyə gəlib. Bizə məlumat verən qurumun əməkdaşı otağı qorumaqda əsas məqsədlərini belə açıqladı: “Bu otaq bizim üçün çox əzizdir. Çalışdıq ki, Üzeyir bəyin ruhunu yaşadaq”.  Üzeyir bəy Azərbaycan musiqisi üçün bir çox qərarları bu otaqda vermişdi. 1925-ci ildә Hacıbəyli konservatoriyada özünün rәһbәrliyi ilә “Şәrq musiqisini öyrәnәn sinif”in açılmasına nail olur.

1927-dә M.Maqomayevlә birlikdә Azәrbaycan xalq maһnılarından ibarәt ilk mәcmuәni nәşr etdirir.

13227176_1087463484649338_3086574661725376261_nOnun tәşәbbüsü ilә konservatoriyada Azәrbaycan bәstәkarlarının әsәrlәrindәn ibarәt müntәzәm konsertlәr tәşkil olunur.  Konservatoriyanın ilk məzunları Səid Rüstəmov, Asəf Zeynallı, Xurşid Ağayeva, Əşrəf Həsənov, Kövkəb Səfərəliyeva olur.

Yetişməsində, təhsilində Üzeyir bəyin də rolunun olduğu Şövkət Məmmədova bu illər haqqında yazacaqdı:   “Azərbaycan Dövlət Konservatoriyası təşkil edildiyi ilk gündən bütün fikrini gənc kadrların yetişdirilməsinə verən Üzeyir, biz müəllimlərə də atalıq qayğısı göstərirdi. Böyük dövrümüzə layiq musiqi kadrlarını yetişdirib tərbiyə etmək haqqında Üzeyirin xeyirxah tövsiyələri biz müəllimlər üçün bir növ həyat devizi oldu”.  

13240680_1087464517982568_2687941180588092827_nKonservatoriyanın ilk məzunlarında Səid Rüstəmov isə belə yazacaqdı: “Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində keçirdim. 1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyir bəyin bilavasitə rəhbərliyi və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində “İbtidai not savadı” adlı musiqi dərsliyi yazıb çap etdirdik. O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının “çox maraqlı” qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq müşahidələrindən danışıb, misallar göstərirdi. Bu “söhbətlər” get-gedə təkmilləşərək, indi hamımızın bildiyi “Azərbaycan xalq musiqisinin əsasları” adlı müstəqil bir musiqi fənninə çevrildi. Üzeyir Hacıbəyov 1926—27-ci illərdə konservatoriya tələbələrini toplayaraq, 80 nəfərdən ibarət ilk “çoxsəsli” Azərbaycan xor kollektivi təşkil etdi. Xorun repertuarına xalq mahnıları ilə yanaşı, orijinal əsərlər və qardaş xalqların mahnıları daxil edilirdi. Bu kollektiv o zaman mədəniyyət saraylarında və bəzən rəsmi ictimai yığıncaqlarda çıxış edərək, azərbaycanlı dinləyiciləri tədricən çoxsəsli xor əsərlərinə qulaq asmağa alışdırır və geniş dinləyicilərin hüsn-rəğbətini qazanırdı”.

13256303_1087463787982641_2522970207634012091_n1939-cu ildə Ü.Hacıbəyov rəsmi olaraq konservatoriyanın rəhbəri seçilir. Elə həmin ildən etibarən konservatoriya üçün yeni bina tikilir.  İndi Bakı Musiqi Akademiyasının binası olan bu binanın memarları Mikayıl Hüseynov və Sadıq Dadaşov olub. Lakin çox keçmir ki, yeni bina bir daha lazım olur.  II Dünya müharibəsi illərində digər təhsil ocaqlarının binası kimi Konservatoriyanın yeni binası da hospital çevrilir, buna görə də konservatoriya köhnə binaya köçürülür.  Hazırda Üzeyir bəyin əsas yadigarı ev muzeyi və konservatoriya olsa da, fotolarını təqdim etdiyimiz bu otaq da onun ruhunun dolaşdığı yerlərdən biridir.  Qardaşına gəldikdə isə… Üzeyir bəy davamlı olaraq yazırdı:  “Əvvəla, sən qaçaq degilsən, müxalif siyasi firqələrdə olmamısan və saniyən komissar yoldaşlarımızın hamısı sənin kim olduğunu çox yaxşı bilirlər… Bakı, onların Parisindən daha yaxşıdır”.  Amma qardaşı dönmədi. Üzeyir bəydən fərqli olaraq o, 1937-ci ilin repressiyalarını öncədən duyurdu…

Dilqəm Əhməd

Fotolar: Ruslan Rəhimov 

1936156_1087464794649207_144227141070551907_n 1936179_1087463177982702_4786706613963135554_n 13221086_1087464461315907_127383091334478600_n 13221087_1087463827982637_8592031097697335993_n 13226890_1087463357982684_3310803922459320432_n 13227176_1087463484649338_3086574661725376261_n 13233143_1087464627982557_3279913349875043547_n 13237774_1087463891315964_2980156075955620657_n 13237837_1087464737982546_8627275985848129134_n 13237838_1087462754649411_6776018408637473882_n 13239294_1087463541315999_4949925031235731878_n 13239356_1087464181315935_6007092111638083165_n 13239894_1087462781316075_4891272845569045309_n 13240148_1087463551315998_94186126781578534_n 13240520_1087464231315930_4043350069275727140_n 13240680_1087464517982568_2687941180588092827_n 13240680_1087464707982549_7855983628476019251_n 13244716_1087464351315918_3181034381222837412_n 13254335_1087462784649408_2144901019930817562_n 13256303_1087463787982641_2522970207634012091_n 13260232_1087463214649365_8586312182574238308_n 13260268_1087463074649379_3513056331928000014_n

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma